Xidmətlər

Daşınmaz əmlakın icbari sığortası

Bu sığorta növü üzrə sığorta haqqı, yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən əmlak sahibinə ödəniləcək məbləğ, Bakı şəhərində 25,000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manat, digər şəhər və bölgələrdə 15,000 manat təşkil edir.

Daşınmaz əmlakın könüllü sığortası

Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əşyalarla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə zərərlərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qızdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir. Belə risklər həm evlərdə, həm də kommersiya və istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir. Yuxarıda sadalanan yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişləndirilə bilər.

Avtonəqliyyat vasitələrinin icbari sığortası

Bu sığorta növü üzrə sığorta haqqı, nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Əvvəlki illərdə sığorta hadisəsi olub-olmamasından (bonus-malus) asılı olaraq sığorta haqqı 50 manatdan daha az və 300 manatdan daha çox da ola bilər. Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənlərə ödəniləcək məbləğ, əmlaka dəyən zərər üzrə 5,000 manat, səhhətə dəyən zərər üzrə 50,000 manat (1 nəfərə 5,000 manat olmaqla), ümumilikdə 55,000 manat təşkil edir. Bu sığorta yeganə sığorta növüdür ki, burda ödəniş verildikdə sığorta məbləği azalmır.

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu sığorta şəxsi avtomobillər, motosiklet, yük avtomobilləri, habelə avtobuslar və taksilər kimi ictimai nəqliyyat vasitələri, kənd təsərrüfatı və tikintidə istifadə olunan maşınlara sığorta təminatı verir.

Həyatın ölüm halından sığortası

Müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.