Sığorta xidmətləri

Sığorta xidmətləri

Artıq Rabitəbank rahat bankçılıqla yanaşı, rahat sığortaçılıq xidməti də təqdim edir

Daşınmaz əmlakın icbari sığortası

Qanunvericiliklə tələb olunan və təbii fəlakətlər, yanğın, partlayış, subasma və digər hallarda sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür. Bu sığorta növü üzrə sığorta haqqı, yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən əmlak sahibinə ödəniləcək məbləğ, Bakı şəhərində 25,000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manat, digər şəhər və bölgələrdə 15,000 manat təşkil edir.

Daşınmaz əmlakın könüllü sığortası

Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əşyalarla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə zərərlərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qızdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir. Belə risklər həm evlərdə, həm də kommersiya və istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir. Yuxarıda sadalanan yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişləndirilə bilər. Məsələn, əgər siz partlayış (buxar qazanı və bu kimi səbəblərdən olmayan), qiyam, insanların qərəzli hərəkətləri, zəlzələ, nəqliyyat vasitələrinin və digər kənar predmetlərin təsiri, tufan, daşqın, boru partlayışı, su sızması, oğurluq və digər bu kimi səbəblərdən də əmlakınıza dəyən zərərlərə təminat verilməsini istəyirsinizsə, standart sığorta şəhadətnaməsi üçün ödəyəcəyinizdən daha yüksək məbləğdə sığorta haqqı ödəməli olacaqsınız. Əmlakın oğurluq riskindən sığortalanması halında o zaman sığorta ödənişi verilir ki, əmlak bütün təhlükəsizlik tədbirlərinə əməl edilməsinə baxmayaraq oğurlanmış olsun. Yəni evin qapısını bağlamağı unudan şəxs oğurluq baş verdiyi halda ödəniş ala bilməyəcək. Bu o deməkdir ki, oğurluğun sığorta hadisəsi hesab olunması üçün sığortalanan obyektlərə giriş və ya çıxış zorakı vasitələrlə edilmiş olsun, oğru məkana daxil olmaq üçün təhlükəsizlik vasitələrini dəf etməli olsun. Yanğın və oğurluq təminatlarında itki və ya zərər konkret bir riskin - yanğın və ya oğurluğun reallaşmasının nəticəsi olmalıdır. Lakin əmlakın zərər çəkə biləcəyi başqa hallar da ola bilər. Sığortalanmış əmlak qəfildən düşə bilər, vurula bilər və ya sadəcə itə bilər. Belə hallar üçün əmlakın bütün risklərdən sığortası təminatı da təklif olunur. Bu təminatda əmlak istənilən itkidən və ya zərərdən (o cümlədən yanğın və oğurluqdan) sığorta edilir.

Avtonəqliyyat vasitələrinin icbari sığortası

Qanunvericiliklə tələb olunan və yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərə zərər yetirildikdə sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür. Bu sığorta növü üzrə sığorta haqqı, nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Əvvəlki illərdə sığorta hadisəsi olub-olmamasından (bonus-malus) asılı olaraq sığorta haqqı 50 manatdan daha az və 300 manatdan daha çox da ola bilər. Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənlərə ödəniləcək məbləğ, əmlaka dəyən zərər üzrə 5,000 manat, səhhətə dəyən zərər üzrə 50,000 manat (1 nəfərə 5,000 manat olmaqla), ümumilikdə 55,000 manat təşkil edir. Bu sığorta yeganə sığorta növüdür ki, burda ödəniş verildikdə sığorta məbləği azalmır. Yəni, sığorta müddəti ərzində yuxarıda qeyd olunan məbləğlər bir neçə dəfə təkrar ödənilə bilər. Azərbaycan Respublikasında qeydiyyatda olan avtonəqliyyat vasitələri, yük avtomobilləri, mikroavtobuslar, avtobuslar, motosiklеtlər və motorollerlər, traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri, trollеybuslar və tramvaylar icbari şəkildə sığorta edilməlidirlər.

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu sığorta şəxsi avtomobillər, motosiklet, yük avtomobilləri, habelə avtobuslar və taksilər kimi ictimai nəqliyyat vasitələri, kənd təsərrüfatı və tikintidə istifadə olunan maşınlara sığorta təminatı verir. Bəzən avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi “Avtonəqliyyat vasitələrinin tam sığortası” təminatı verir ki, buraya avtomobil sahibinin yuxarıda sadalanan risklərdən sığortası ilə yanaşı sığortalının həmin avtomobillə digər şəxslərə vurduğu zərərə görə məsuliyyətinin, həmçinin sürücülərin və sərnişinlərin fərdi qəzadan sığortası da əlavə olunur.

Həyatın ölüm halından sığortası

Müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

Bu sığorta növü – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. Aşağıdakılar bu sığorta növü üzrə müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:

  • Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
  • Dövlət orqanları;
  • Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  • Seçkili orqanlar;
  • Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar: Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Əmək Məcəlləsinə və ya Mülki Məcəlləyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığorta olunmalıdırlar. Sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Müqavilə üzrə sığorta ödənişləri aşağıdakı hallarda həyata keçirilir: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm; İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi. Müqaviləsi üzrə aşağıdakı sığorta ödənişləri verilir: Aylıq sığorta ödənişi. sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Birdəfəlik sığorta ödənişi. Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir.

Dostlarınızla paylaşın