Rabitəbankdan əsgərə məktub
Bu gün rahat, işıqlı, isti otaqda, arxayınlıqla oturub bu məktubu sənə yazıramsa, hamısı sənin sayəndədir, qardaş. Bizim kimi bacı və qardaşların hər biri sənə arxalanır. Sən soyuq səngərdə təkcə Vətənimizi deyil, həm də bizi qoruyursan.
Bilirsən, bizim doğmalarımız soyuq, şaxtalı günlərin birində Qarabağ torpağından didərgin düşüblər...
Qubadlının işğaldan azad edildiyini Cənab Ali Baş Komandan elan edəndə sevincimiz yerə-göyə sığmadı. Bir anlıq ruhumuz gəldi, o dağlarda sizinlə görüşdü. Bilirsən, nə qəribə bir hissdir? Sən hansı ərazimizi işğaldan qurtarırsansa, biz həmin an dönüb o yurd oluruq, dönüb Azərbaycan oluruq. Sən necə xoşbəxt insansan! Bir elin, bir yurdun sevincində əməyi, qanı, canı olmaqdan üstün nə ola bilərdi ki?.. Kənar, yad ünsürlərin yalan məlumatları səni ruhdan salmasın, igid əsgərim! Düzdür, çoxları bizim ərazi bütövlüyümüzün tamamlanmasına qarşıdır. Amma həmişə olduğu kimi can Türkiyə “Can, Azərbaycan!” deyərək bizim yanımızdadır. Unutmayaq, türkün türkdən başqa dostu yoxdur!
Bu gün sən bir evin yox, bir elin oğlu, bir deyil, milyon bacının qardaşı, milyon ananın övladısan.
Biz hamımız sənə çox güvənirik. Qarış-qarış, kənd-kənd vətənimizi işğaldan azad edəcəyinə adımız kimi əminik.
Sən güclü ordunun güclü əsgərisən. Sən haqq yolunda vuruşursan, sənin işin haqq işidir. Əməlin Murovdan ucadır, əsgərim! Ali Baş Komandanın hamıdan güclüdür!
Gözün arxada qalmasın, biz hamımız bu gün birik - sənin ailən bizim ailəmiz, valideynin bizim atamız, anamızdır! Qələbə xəbərlərindən bilirsən necə kövrəlirik?! Ruhumuz vücuda sığmır…Təsəvvür edirəm, sən necə sevinirsən indi!
İndi sənin ruhunu yüksəltmək üçün sənə bir neçə bəndlik daha sözüm var, sonra bir xahişim olacaq:
Göylərə ucalıb üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Əsgərim, sən onu sönməyə qoyma!
Göylər mavi rəngli tül ipək olsun,
Dünya al geyinsin, gül-çiçək olsun,
Ömür yaşıl donlu gələcək olsun,
Milləti bu yoldan dönməyə qoyma!
Sınmarıq milləti sındıranlara,
Qəhr olsun ümidi donduranlara!
Eşq olsun gur işıq yandıranlara,
İşığı zülmətə enməyə qoyma!
Bəlkə indi davam edək? Sən üçrəngli bayrağımızı Cıdır Düzündə dalğalandırmaq üçün Şuşaya zəfər yürüşünə qalxasan, bacı, qardaşların da sənin üçün dua etsin, igid əsgərim. Hə, nə deyirsən? Mən o xoş xəbəri səndən gözləyirəm...
İgid əsgər möhkəm dayan! Sən möhkəm ol ki, biz də möhkəm olaq. Sənə güvənirik. İti qovan kimi qov onları! Allah amanında. Sağ-salamat gəl, əsgər qardaşım…
Rabitəbank, Nərimanov filialı, 2020