Bütün elanlar
4 Oktyabr, 2024

“Rabitəbank” ASC “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı monoqrafiyanın dərc edilməsinə dəstək olub.

Rabitəbankın dəstəyi ilə UNEC-in professor-müəllim heyətinin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl iqtisadiyyat: Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli (elmi-populyar nəşr)” adlı monoqrafiyası nəşr edilib . "Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev "yaşıl maliyyə" və "yaşıl bankçılıq" sahəsində uzun müddət əldə etdiyi nəzəri və praktiki bilik və məlumatları müəlliflərlə bölüşməklə monoqrafiyanın ərsəyə gəməsi üçün dəyərli məsləhətlər verib. UNEC-in  professor-müəllim heyətinin dəstəyi və iştirakı ilə hazırlanan monoqrafiyanın elmi məsləhətçisi UNEC-in rektoru professor Ədalət Muradovdur . Redaksiya heyətinin sədri Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov, baş redaktoru iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Məmmədovdur. 
11 bölmədən və geniş istinadlar siyahısından ibarət olan kitabın mövzusu dünyada da geniş müzakirə olunan yaşıl iqtisadiyyata keçid məsələləridir.
Kitabda Zahid Məmmədovun  yaşıl universitet və dünya təcrübəsi, S.Qurbanovun Heydər Əliyev və ekoloji siyasət, Səadət Qəndilovanın ekoloji, sosial məsuliyyət və keyfiyyətli korporativ idarəetmə sistemi,  Fuad İbrahimovun  Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji terror, İlqar Xəlilovun ekoloji böhranlar və yaranma səbəbləri, Aybəniz Qubadovanın yaşıl maliyyə, Lalə Məmmədova, Elfanə Qasımovanın yaşıl dizayn, yaşıl şəhər, Firuzə Cəfərovanın Azərbaycanda yaşıl turizm, faydaları, perspektivləri, Çinarə Qəhrəmanovanın ekokommunikasiya, Arzu Hüseynovanın yaşıl bacarıqlar və məşğulluq mövzularında yazılmış məqalələri yer alıb. Müəlliflər bu məqalələrdə nəzəri, praktiki və normativ-hüquqi bazanın sistemli təhlilini aparıb, əldə onunan nəticələrə əsasən, Azərbaycanın yaşıl artım modelinə keçidinin problemləri və alınan dərslər haqqında nəticə çıxarır, habelə iqtisadiyyatın yaşıllaşdırılmasına nail olmaq üçün əsaslandırılmış elmi təkliflər irəli sürürlər.
Monoqrafiyada tullantısız, tsiklik iqtisadiyyat, yaşıl inkişafa əsaslanan iqtisadiyyat, yaşıl iqtisadiyyat paradiqmasının formalaşması və inkişafı istiqamətləri, bioiqtisadiyyat, aşağı karbonlu iqtisadiyyat, ekosistem və dayanıqlı iqtisadiyyat kimi anlayışlar təhlil olunub. Həmçinin bu anlayışların formalaşma tarixi, mahiyyəti və məzmunu tədqiq edilib, həmçinin Azərbaycan və xarici ölkələrin prioritet sektorlarında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi təcrübəsinin təhlili aparılıb. 

Kitab  "İqtisadiyyat”, “Maliyyə və kredit" ixtisasları üzrə təhsil alan tələbələr, tədqiqatçılar, müəllimlər, sahibkarlar, maliyyəçilər, qanunverici orqanlarda çalışanlar eləcə də bu sahə ilə yaxından maraqlanan hər bir oxucuya xitab edir.